Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı

Azərbaycan milli ifaçılıq sənətinin korifeyi, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün həyat yoldaşı, 40 ildən artıq Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı, Azərbaycan mədəni ictimaiyyətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Adelaida xanımın vəfatından 40 gün ötdü. 

1922-ci ildə Tbilisi şəhərində azərbaycanlı ziyalı İrza Qasımovun ailəsində dünyaya göz açmış Adelaida xanım öz dövrünə görə kifayət qədər yüksək təhsil almış, orta məktəbi bitirəndən sonra Gürcüstan Xalq Komissarlığının nəzdində olan Tbilisi Hüquq Məktəbini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdi. 

O zamanlar unudulmaz sənətkarımız Bülbül tez-tez Sovet İttifaqının müxtəlif yerlərində qastrol səfərlərində olurdu. Xüsusən Tbilisi və Daşkənd şəhərlərinə  qastrol səfərləri daha müntəzəm xarakter daşıyırdı. 30-cu illərdə artıq bütün SSRİ məkanında görkəmli ifaçı-sənətkar kimi məşhurlaşan Bülbül Tbilisidə olarkən ailəvi dost olduqları Qasımovlar ailəsi ilə də görüşər və burada davamlı olaraq sənət və sənətkarlar haqqında müzakirələr olardı. Həmin illərdə yaşca hələ nisbətən kiçik olan Adelaida xanım bu söhbətləri maraqla dinləyər və heç ağlına da gətirməzdi ki, onlara tez-tez qonaq gələn bu görkəmli sənətkar günlərin birində ona ömür-gün yoldaşı olmağı təklif edəcək və Adelaida xanım bu təklifə razılıq verəcəkdir.

1938-ci ildə onlar evləndilər və Adelaida xanımın Bakı həyatı başladı. Onun xatirələrində özünün qeyd etdiyi kimi, evlilik həyatının ilk anlarından başlayaraq o özünü nağıllar aləmində hiss edirdi və nə vaxtsa bu nağılın bir sonu olacağı barədə düşünməyi belə ağlına gətirmirdi. Həqiqətən, Bülbülün döstluq etdiyi insanlar, partiya və sovet işçiləri Vəli Axundov, Teymur Quliyev, Nəzər Heydərov, Xosrov Ağayev, ictimai xadimlər və görkəmli  şair, dramaturqlar Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, akademiklər Yusif Məmmədəliyev, Mirəsədulla Mirqasımov, görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, mayestro Niyazi, Səid Rüstəmov, Cövdət Hacıyev, Tofiq Quliyev,  təkrarolunmaz ifaçı Rəşid Behbudov  və bir çox başqa məşhur şəxsiyyətlər və onların ailə üzvləri ilə tanışlıq və təmaslar sənəti, təbiəti, gözəlliyi sevən bu gənc xanımın həyatında silinməz və unudulmaz izlər buraxmışdı. 

1961-ci ildə XX əsr Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülun dünyadan vaxtsız köçməsi ilə gözəl, romantik həyat səhnələri ilə zəngin olan bu nağılabənzər həyat da dəyişdi. Sevimli həyat yoldaşının ölümündən sarsılan və uzun müddət bu ölümü heç cür qəbul edə bilməyən Adelaida xanım ömrünün qalan hissəsini oğulları Çingiz və Poladın milli dövlətçiliyimizə layiqli övladlar kimi yetişməsinə və dahi Bülbülün irsinin öyrənilməsinə və təbliğinə həsr elədi. 

Böyük oğlu Çingiz Məmmədov uzun illər partiya və sovet işində çalışmış, müstəqil dövlətimizdə müxtəlif məsul vəzifələrdə ləyaqətlə xidmət etmişdir. Ailənin ikinci oğlu Polad Bülbüloğlu da öz mənalı həyat yolu və çoxşaxəli fəaliyyəti ilə milli dövlətçiliyimizin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına, zənginləşməsinə və təbliğinə böyük töhfələr verən şəxsiyyət kimi tanınır və bu gün də bu istiqamətdə şərəfli fəaliyyətini davam etdirir.   

Adelaida xanımın Bülbülü tanıyan və sənətini yüksək qiymətləndirən görkəmli şəxslərin onun fəaliyyəti, o cümlədən Azərbaycan musiqi folklorunun toplanması və elmi cəhətdən işlənməsi, vokal-ifaçılıq mədəniyyətinin inkişafı, dünyanın konsert salonlarında böyük uğurla ifa edilən simfonik muğamlarımızın yaradılması və bir çox digər sahələrdəki xidmətləri barədə xatirələrini toplaması da Bülbül fenomeninin və mədəni irsinin öyrənilməsi baxımından çox dəyərlidir.  

Bu xatirələr və onun özünün görkəmli sənətkar haqqında yazdıqları təkrarolunmaz Bülbülün keçdiyi şərəfli həyat  və yaradıcılıq  yolunu, bir vətəndaş və dövlət xadimi kimi yüksəlişini bütün cizgiləri ilə canlandırmaq baxımından bu gün çox unikal mənbə və sənədlərdir. Bülbül irsinin toplanması və öyrənilməsi ilə  kifayətlənməyən Adelaida xanım onun təbliğinə də diqqət yetirmiş, dəfələrlə öz təşəbbüsü ilə  musiqi  məktəblərinə, o cümlədən əraziləri işğal olunmuş rayonların musiqi təhsili müəssisələrinə Bülbül irsini əks etdirən çoxlu kitablar və digər vəsaitlər bağışlamışdır.   

Adelaida xanımın fəaliyyətinin ən məhsuldar dövrlərindən biri də Ümümmilli lider Heydər Əliyevin tapşırığı ilə Bakıda Bülbülün həyatı ilə bağlı Memorial Muzeyinin təşkil olunması və burada görkəmli sənətkarın fəaliyyətinə aid minlərlə sənəd və fotoşəkillərin toplanması, Bülbül irsinin qorunması və təbliği ilə bağlıdır. Muzey bu gün Bülbül irsini mühafizə edən möhtəşəm bir məkana çevrilmişdir. Muzeyin ilk qonaqları sırasında Ümummilli lider Heydər Əliyev olmuş, yüzlərlə tanınmış şəxslər Bülbülün adı ilə bağlı olan bu məkanı ziyarət etmişlər. 

Bu barədə Adelaida xanımın xatirələri çox maraqlıdır:  “Bülbülün Ev-muzeyi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə yaradıldı. Burada biz həyat yoldaşımla unudulmaz illər yaşamışdıq, evimiz muzey olandan sonra mən əvvəlcə bunu heç cür axıracan dərk edə bilmirdim, buradan başqa yerə getmək istəmirdim. Onda Heydər Əliyev sadəcə soruşdu: “Sən yeməyə hazırlaşırsan, ya yox?” Mən cavab verdim: “Hə, əlbəttə”. Onda o, cavab verdi: “Muzeydə xüsusi hava olmalıdır, burada naharın qoxusu ola bilməz”. Mən başa düşdüm ki, o, haqlıdır...   

Burada elə eksponatlar var ki, ürəksıxıcı ağrılar olmadan onlara baxa bilmirəm. Onların sırasına Şuşadakı evimizin yaradılmış miniətür forması da daxildir. O, indi yer üzündən silinmişdir...

Tarixin bu evdən çıxan ipləri məkanın və zamanın ən müxtəlif istiqamətlərinə ayrılır. Burada Haribaldinin əsgərə generaldan irəlidə getmək hüququ verən Ulduzu saxlanılır. Arturo Toskanininin konsertinin proqramı da saxlanmışdır, Bülbül İtaliyada oxuyarkən ona baş çəkirdi...  

Mircəfər Bağırovun bağışladığı Becker əfsanə-fortepianodur. Onun dilləri görkəmli musiqiçilərin əllərinin təmaslarını xatırlayır, bu alətdə bəstəkarlarımızın bir çox məşhur əsərləri ifa olunmuşdur.    

İstirahət günlərində Bülbül hədiyyələrlə doldurulmş kisələrlə uşaq evinə yollanardı. Öz Stalin mükafatını Mərdəkandakı uşaq evlərinin birinə köçürmüşdü.

Bir dəfə muzeyə bir nəfər daxil oldu və Bülbülün uşaq evinin yetirmələri ilə şəklinin olub-olmadığını soruşdu, həmin şəkildə onunla yanaşı ələrində güllər olan oğlan dayanmışdı. Mən onu şəklə doğru apardım. O, uzun müddət şəklə baxdı, sonra həmin oğlanı göstərib dedi: “Bu mənəm”... 

Mənim üçün cəbhədən, hərbi xəstəxanalardan həyat yodaşıma göndərilmiş təşəkkür məktubları çox qiymətlidir, bu məktublarda əsgərlər onun ifalarının ağrılara qalib gəlməkdə onlara kömək etdiyini yazırdılar... Bir dəfə məni cəbhə qastrollarına buraxmaq istəmirdilər. Onda mən dedim: “Mən hökumət konsertlərində və qəbullarında, yüksək banketlərdə onunla bir yerdə olmuşam, orada da onun yanında olmalıyam”. Və məni oraya buraxdılar... 

Sağlamlığım imkan verəndə buraya gəlirəm və gecəyə qədər oturub qalıram. Nə qədər ağrısam da burada özümü yaxşı hiss edirəm. Mənə elə gəlir ki, o həmişə burada məni gözləyir. Burada mən evdəyəm...”    

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin və digər rəsmi şəxslərin Adelaida Məmmədovanın vəfatı ilə bağlı imzaladıqları nekroloqda qeyd olunduğu kimi, “Adelaida xanım Məmmədova Bülbül irsini mühafizə etməklə, bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı.

Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülmüşdür.

Qayğıkeş və səmimi insan Adelaida İrza qızı Məmmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.


Rövşən Ağayev,

Natiq İsayev

Опубликовано: 25 Июнь, 2015 15:00 | Просмотров: 1567 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo