Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Heydər Əliyev ideyalarından bəhrələnən müasir Azərbaycan mültikulturalizmi

Azərbaycanın son yüz ildə ən böyük tarixi şəxsiyyəti olan Heydər Əliyev irsi həm keçmişimizi öyrənmək, həm də gələcəyimizi daha uğurla müəyyən etmək baxımından əvəzolunmaz sərvətdir. 

Heydər Əliyevin cəmiyyət və dövlət haqqında siyasi görüşlərinə, onun dinə və dinlərarası münasibətlərə dair söylədiyi fikirlərə və təcrübədə reallaşdırdıqlarına nəzər saldıqda bu gün multikulturalizm bir baxışlar toplusu kimi dəyərləndirilməlidir. Münasibətlərdə dözümlülük,  səbrlilik və səmimilik kimi xüsusiyyətlərin xalqımıza irsən xas cəhətlər olduğunu bir daha təsdiqləmək üçün müdrik siyasətçinin bizə və gələcək nəsillərə qoyduğu siyasi irsi daha dərindən öyrənilməli, araşdırılmalı və geniş kütləyə çatdırılmalıdır. 

Ümummilli liderimiz Heydər Əliyev ümumiyyətlə dünya dinlərinin və xüsusilə də islamın dəyərlərini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycanda dünyəvi dövlətin qurulması, onun möhkəmləndirilməsi üçün son dərəcə böyük işlər görmüş, özünün rəhbərliyi altında hazırlanmış yeni Azərbaycan Konstitusiyasında bu prinsipləri dövlətin əsasları kimi təsbit və bərqərar etmişdir. Heydər Əliyev bu məsələdə dəfələrlə türk dünyasının böyük tarixi şəxsiyyətlərindən və sərkərdələrindən olan Mustafa Kamal Atatürkün mövqeyinə diqqət və hörmətlə yanaşmış və qardaş Türkiyənin bugünkü uğurlarının məhz multikulturalizm ideyalarından qaynaqlandığını xüsusi qeyd etmişdir.

Ulu öndər deyirdi: “Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində əsrlər boyu dinin təsiri altında şəriət dövləti kimi yaşayan bir ölkədə cümhuriyyət -  dünyəvi prinsiplər əsasında layiq cümhuriyyət qurmaq, demokratik yolla yaşamaq olar. O, dünyanın bəşəri dəyərlərini  xalqının mənəvi dəyərləri ilə birləşdirərək millətini daha da yüksəklərə qaldırmışdır”.

Ulu öndər Azərbaycanın müasir dövlət kimi formalaşmasında 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının bəyan etdiyi əsas prinsiplərə sadiqliyini nümayiş etdirərək, yeni Azərbaycan Konstitusiyasında da dövlətin dindən ayrı olduğunu bir daha yenidən təsbit etmiş, xalqımızın kommunizm ideologiyasından uzaqlaşaraq islam dininin dəyərlər sisteminə qayıdışına münbit şərait yaratmış, ölkəmizdəki dini-tarixi abidələrin bərpasına, onların vətəndaşların istifadəsinə verilməsinə yardımçı olmuş, Azərbaycanda yaşayn müxtəlif dinlərə mənsub insanların öz dininə ibadət etməsi və ayinlərini yerinə yetirməsi üçün sərbəst mühit yaratmışdır. 

Ulu öndər dinindən, dilindən, milliyyətindən, irqindən asılı olmayaraq, hər bir insana, hər bir vətəndaşa eyni mövqedən yanaşmış, hüquqlarını tanımış və onları qorumaq üçün münbit şərait yaradılmasının vacibliyini qeyd etmişdir. Heydər Əliyev dünyəvi dövlət quruculuğunda misilsiz işlər görməklə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin bəyan etdiyi - cəmiyyətdə tolerantlıq və dözümlülük prinsiplərinə də sadiqlik nümayiş etdirmişdir. 

Ümumiyyətlə nəzərə alınmalıdır ki, bəşər tarixinin yaranmasında, inkişafında, bütövlükdə həyatın, dünyanın dərk olunmasında, cəmiyyətin formalaşmasında, onun qanunauyğunluqlarının öyrənilməsində və gedən proseslərin idarə olunmasında dinin müstəsna rolu vardır. Bu amil, bir qayda olaraq, ölkələrarası münasibətlərin tənzimlənməsində, sülhün bərqərar olunmasında böyük əhəmiyyət daşımış və daşımaqdadır. 

Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycanın mənəvi dəyərlərini və milli ruhunu yaşatmaq üçün mühüm işlər görmüş bir çox məscidlərin tarixi-memarlıq abidəsi kimi bərpasına şərait yaratmış, onların dağıdılmasının qarşısını almışdır. Hətta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda bərpa edilən Gəncədəki “İmamzadə” dini-ziyarətgah kompleksini məhv olma təhlükəsindən məhz Heydər Əliyev qurtarmış və sovet dönəmində yeganə müqəddəs ziyarətgah kimi dövlət qeydiyyatına alınması üçün o zamankı sovet rəhbərliyindən icazə ala bilmişdir.

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Bakıya qayıtdıqdan sonra ölkədə hökm sürən gərginliyə baxmayaraq, yenə də islam abidələrinin bərpasına böyük əhəmiyyət vermişdir. O, 1993-cü il sentyabrın 5-də yenidən bərpa olunan Təzəpir məscidinin açılışındakı çıxışında Azərbaycanda tolerantlığın və dini dözümlülüyün qədim köklərə malik olduğunu xüsusilə vurğulamışdır: “Mən bu gün buradan bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm. Azərbaycan onun ərazisində yaşayan bütün xalqların doğma Vətənidir. Dinindən, dilindən, irqindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin ərazi bütövlüyünü, dövlətçiliyimizi, müstəqilliyimizi qorumalıdır. Güman edirəm ki, Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan, Azərbaycanın bütün nemətlərindən bərabər hüquqla istifadə edən digər dinlərə mənsub həmvətənlərimiz bu şərəfli yolda bizimlə bir olacaqdır. Biz hamımız birləşib bir yumruq kimi həm müstəqilliyimizi qoruyacağıq, həm də ərazi bütövlüyümüzü  təmin edəcəyik”.

Doğrudan da ulu öndərin dediyi kimi, Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələri yarix boyu müstəqilliyimiz uğrunda böyük fədakarlıq nümayiş etdirmiş, bu xalqların onlarla nümayəndəsi – ruslar, ləzgilər, avarlar, məshəti türkləri və başqaları göstərdikləri qəhrəmanlığa görə respublikanın ali mükafatlarına layiq görülmüşdür. Onların adlarını bu gün Azərbaycanda hamı əzbər bilir.

Ümummilli lider islam dininin həmişə tərəqqipərvər və dünyəvi əhəmiyyətini qoruyub saxlayacağını düşünürdü: “Heç şübhə yoxdur ki, islam dini yarandığı vaxtdan bəri dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bu dinə itaət edənlərin hamısını xoşbəxtliyə, səadətə qovuşduracaq... Biz islam dininin inkişafı üçün dövlət tərəfindən bütün lazımi tədbirləri görəcəyik. Çünki yaxşı bilirik ki, islam dini Azərbaycan xalqının, eləcə də bu dinin bütün daşıyıcılarının ən yüksək mənəviyyat mənbəyidir”.

Ulu öndər islam dininin işğalçılığa, qəsbkarlığa sövq etmədiyini, insanlara dostluq, qardaşlıq, sülh, barışıq aşıladığını demişdir. O, eyni zamanda başqa dinlərə mənsub vətəndaşlara da sülh və firavan həyat vəd edirdi: “Azərbaycan demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Hər bir şəxs hürdür, azaddır, hər bir şəxs arzu və istəklərini, fikirlərini öz daxili aləminə müvafiq həyata keçirə bilər”.

Heydər Əliyev hər zaman bildirirdi ki, islam dini başqa dinlərə tarix boyu hüsn-rəğbətlə yanaşıb, heç zaman başqa dinlərin ehkamlarına qarşı çıxmayıb. Ümummilli lider Azərbaycanın hər bir millətə, dinə mənsub olan vətəndaşına, onun itaət etdiyi dinə hörmətlə yanaşıldığını və bundan sonra da hörmətlə yanaşılacağını deyir, bunun Allahın əmri, Peyğəmbərimizin tövsiyəsi olduğunu qeyd edirdi. O, Azərbaycanın din xadimlərinə tövsiyə edirdi ki, dinimizin bu ülvi xüsusiyyətlərini təbliğ etsinlər, həyata keçirsinlər və yaşatsınlar. 

Azərbaycan xalqının əsrlərlə can atdığı azadlığa Sovet İttifaqı süquta uğradıqdan sonra qovuşduğunu qeyd edən Heydər Əliyev Azərbaycanda hüquqi demokratik cəmiyyətin qurulduğunu, çoxpartiyalı sistemin, siyasi plüralizmin, şəxsiyyət, söz, mətbuat, vicdan azadlığının, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərinin möhkəm bərqərar olduğunu qeyd edərək dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq çoxmillətli Azərbaycan dövlətinin bütün vətəndaşlarının bərabər hüquqlardan istifadə etdiyini yüksək tribunalardan dünya ictimaiyyətinə fəxrlə bəyan etmişdir. 

Azərbaycan həqiqətən bütün dinlərə böyük hörmət bəsləyən tolerant ölkədir. Bunu hazırda respublikada fəaliyyət göstərən 2166 məscid, sinaqoqlar, kilsə və digər din ocaqları aydın göstərir. Ümumiyyətlə, əhalisinin 96 faizi islam dininin daşıyıcısı olan Azərbaycanda bütün məzhəblərə aid din xadimləri öz dini adət-ənənələrini və mərasimlərini heç bir maneə olmadan həyata keçirirlər. Azərbaycanda əhalinin 70 faizi şiə, 30 fazii sünni məzhəbinə mənsub olsa da, ölkədə dünyəvi dövlət prinsipinə ciddi əməl olunmasına dövlət tərəfindən ciddi nəzarət edilir. Ulu öndər kimin hansı məzhəbə mənsub olmasına əhəmiyyət verilməsinin hər zaman əleyhinə olmuşdur. 

Bununla bağlı çox yaxşı xatırladığım bir epizodu oxucuların diqqətinə çatdırmaq istərdim. 1995-ci ilin dekabrında Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl Azərbaycana gəlməli idi. O zaman belə rəsmi səfərlərlə əlaqədar ulu öndər əvvəlcədən xüsusi müşavirə keçirir və rəsmi qonaqların qarşılanmasından yola salınmasınadək tədbirlərin bütün detallarını araşdırıb öz tövsiyələrini verirdi. Süleyman Dəmirəlin günorta namazının harada qılması məsələsi ortaya çıxanda belə bir fikir söylənildi ki, günorta namazı sünni məscidində, yəni Göy məsciddə qılınmalı, ya da namazın vaxtı dəyişdirilərək bu mərasim Təzəpir məscidində həyata keçirilməlidir. Bu zaman ulu öndər haşiyəyə çıxaraq dedi: “Biz Azərbaycanda heç vaxt bilməmişik ki, kim sünni, kim şiədir. Bəlkə də bu kommunist ideologiyasının, sovet hakimiyyətinin bizə bəxş etdiyi bir xüsusiyyətdir. Azərbaycanda din qadağan olduğuna görə kimin sünni, kimin şiə olduğu heç vaxt məlum olmayıb. Mən sizə açıq deyə bilərəm, hər halda Azərbaycanda hamınızdan çox yaşayan adamam, həm də rəhbərlikdə olan adamam. Ancaq indi deyirlər ki, xalqın 25 faizi sünnidir. Mən heç bilmirəm neçə faiz sünni, neçə faiz şiə var, harada sünnidir, harada şiədir? Mən bilmirəm. Mən bilirəm ki, ləzgilər sünnidir, sonra avarlar sünnidir, amma azərbaycanlılardan kimin şiə, kimin sünni olduğunu bilmirəm. Belə şeyləri biz araşdırmamışıq. Heç araşdırmaq lazım da deyil. Bunlara son qoymaq lazımdır. Biz hamımız müsəlmanıq. Bu sünni-şiə məsələsini bura salmaq lazım deyil... Mən fürsətdən istifadə edib deyirəm. Amma biz çalışmalıyıq ki, bizim millətimizi, xalqımızı parçalamasınlar. Bizim hamımızın bir dinimiz var – islam dini, nə sünnisi var, nə də şiəsi. Bizim dözlət siyasətimiz də budur”.

Bəli, ulu öndərin bütün dinlərə, bütün insanlara hörmət və ehtiramı onun gördüyü işlərdə də əksini tapırdı. O, Azərbaycanın dünyaya inteqrasiya olunmasında, bütün ölkələrlə və xalqlarla əlaqələrinin güclənməsində dini dəyərlərin böyük əhəmiyyətini dərindən dərk edir və bunu hamıya aşılamağa çalışırdı. Onun respublikaya rəhbərlik etdiyi illərdə bu sahədə böyük işlər görülmüş, Azərbaycanın istər xristian aləmi, istərsə də müsəlman aləmi ilə əlaqələri daha da genişlənmiş, ölkəmizin təmsil olunduğu beynəlxalq təşkilatlarda bu əlaqələrin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir. 

Məhz ulu öndərin səyi nəticəsində dünya katoliklərinin, ümumilikdə xristian aləminin ən nüfuzlu şəxsiyyətlərindən olan Roma Papası II İohann Pavel müsəlman ölkələri arasında ilk səfərlərindən birini Azərbaycana etmiş və buradakı tolerantlıq mühitinə öz heyranlığını bildirmişdir. Bu səfər bütün dünyada böyük rezonans doğurmuşdur. Ulu öndər Roma Papasının dünya siyasətində, xüsusilə xristian aləmindəki mövqeyini nəzərə alaraq onu Azərbaycana dəvət etməklə sanki islam aləmi ilə xristian dünyası arasında körpü salmış, bir daha Azərbaycanın bütün dinlərə böyük hörmətlə yanaşdığını nümayiş etdirmişdir. 

Ulu öndər 2002-ci il mayın 22-də Roma Papasının qarşılanması mərasimində Azərbaycanın hələ 1992-ci ildən Vatikanla diplomatik münasibətlər yaratdığını demiş, bundan 10 il sonra bu dövlətin başçısının, yəni 264-cü Roma Papasının Azərbaycana gəlişini böyük hadisə kimi qiymətləndirmiş, onu dinindən, dilindən və irqindən asılı olmayaraq, “bütün bəşəriyyətin dostu və dünya vətəndaşı” adlandırmış, bu səfərin xristian və islam dinləri arasında qarşılıqlı etimad və hörmətin gücləndirilməsinə xidmət edəcəyini bildirmişdir. O, 1912-ci ildə Azərbaycanda tikilən ilk katolik kilsəsinin dağıdıldığını təəssüflə qeyd etmiş və bu səfər zamanı Bakının abad bir güşəsində katolik kilsəsinin bünövrəsi qoyulmuşdur. 

Həmin səfərdə Azərbaycanla Vatikan arasında təməli qoyulmuş dostluq əlaqələri sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmişdir. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyev Vatikana rəsmi səfər etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi sayəsində Vatikanın bir sıra tarixi abidələrinin bərpasına kömək göstərilmiş, eyni zamanda Vatikanda mövcud olan və Azərbaycanın tarixinə dair son dərəcə qiymətli yazılı materialların ölkəmizə gətirilməsinə nail olunmuşdur. 2008-ci il martın 6-da Vatikanın rəsmi nümayəndələrinin iştirakı ilə Bakıda Müqəddəs Məryəm ana katolik kilsəsinin rəsmi açılış mərasimi olmuş, eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi, ümumi sahəsi 1256 kvadratmetr olan kilsə ziyarətçilərin istifadəsinə verilmişdir. Hazırda bu kimi təqdirəlayiq işlər böyük həvəslə davam etdirilməkdədir. Vatikanda Azərbaycanı ən tolerant ölkə kimi tanıyırlar. Bu işdə, sözsüz ki, həm ulu öndərin, həm də onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rolu böyükdür. 

Qeyd etməliyik ki, ulu öndərin 2002-ci il mayın 22-də Roma Papasının qarşılanması mərasimində dediyi sözlər bu gün də çox aktual səslənir. O, Roma Papasının əsrlər boyu mövcud olan ənənələrin hüdudlarını cəsarətlə aşdığını, onu insanların və xalqların dostu kimi tanıdığını, bütün dünyanın vətəndaşına çevrildiyini qeyd edərək, Azərbaycanın bu sahədə mövqeyini belə izah etmişdir: “Həmişə öz dini dözümlülüyü, tolerantlığı ilə seçilən Azərbaycan xalqı sizin nəcibliyinizi və insanpərvərliyinizi yaxşı başa düşür və yüksək qiymətləndirir”.

Bu səfərin iki böyük din arasında qarşılıqlı etimada xidmət etdiyini, katolik kilsəsinin mövcud olduğu 200 ilə yaxın bir müddət ərzində onun Azərbaycana səfər edən ilk Roma Papası olduğunu qeyd edən ulu öndər Azərbaycanın Ermənistan tərəfindən davam edən təcavüzünə son qoyulmasında kömək göstərməsinin vacibliyini də onun diqqətinə çatdırmışdır.

Ulu öndər Azərbaycan xalqının özünəməxsus nadir mədəniyyət yaratdığını, bu mədəniyyətin əsasında müsəlman və xristian mədəniyyətlərinin sintezinin dayandığını, orta əsrlərdən etibarən Azərbaycanın Şərq və Qərb, müsəlman və xristian dünyaları arasında sabit və faydalı dostluq körpüsü olduğunu, müsəlman sivilizasiyasının nailiyyətinin bir sıra hallarda Azərbaycan fikir adamlarının səyi ilə Qərbin mənəvi sərvətinə çevrildiyini, Qərb dəyərlərinin isə islam dünyasında yayıldığını, Azərbaycanın Avropadan gələn yenilikçi ideyalara yiyələnmək baxımından həmişə öndə olduğunu xüsusi qeyd etmiş və bir məsələni ayrıca vurğulayaraq demişdir: “Biz bu gün haqlı olaraq fəxr edirik ki, müsəlman Şərqində yeni tipli məktəblər, demokratik mətbuat, qadın təhsili, seçmək və seçilmək hüququ ilk dəfə Azərbaycanda reallığa çevrilmiş, 1918-ci ildə bütün islam dünyasında Avropa tipli yeni bir dövlət – Azərbaycan Xalq Cümhuriyyəti məhz bizim ölkəmizdə qurulmuşdur”.

Sözün əsl mənasında böyük demokrat, böyük humanist və böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin ideyaları - dözümlülük, tolerantlıq və bir-birinə qarşı səbrli münasibət artıq bütün dünyada qəbul edilir. Azərbaycan mültikulturalizm kimi fenomenin yaranması və inkişafında vacib rol oynamışdır. Bu ənənələr indinin özündə də ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı ilə qorunub saxlanılır, reallaşdırılır və inkişaf etdirilir. 

Regional səviyyədə isə Azərbaycan, Rusiya və Gürcüstan din xadimlərinin əlaqələri son zamanlar daha da genişlənmiş, hətta bir neçə il əvvəl Ermənistan katolikosunun da qatıldığı dini liderlərin yüksəksəviyyəli görüşü Bakıda keçirilmişdir. Azərbaycanda yaşayan və müxtəlif dinlərə mənsub insanlar üçün bir sıra tarixi-dini məbədlərə yeni həyat verilmişdir. Bir neçə il əvvəl Azərbaycanda hələ IX əsrdə tikilmiş Şamaxı Cümə məscidi bərpa edilmiş, müxtəlif rayonlarda olan ibadət və ziyarətgahların təmir olunaraq insanların istifadəsinə verilmişdir. Azərbaycanda Heydər Əliyev ənənələrinin və onun tövsiyələrinin həyata keçirilməsini 2014-cü ildə Bakının Binəqədi rayonunda tikilib istifadəyə verilmiş Heydər məscidi bir daha sübut edir. Sülh, səbr, iman, dözüm, ədalətin, həmçinin ibadətin yeni  rəmzinə çevrilən bu məscid regionda ən iri məscid olaraq 12 min kvadratmetr sahəni əhatə edir və orada 7 min nəfərin eyni vaxtda namaz qılmasına imkan var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi və bütün Azərbaycan vətəndaşlarının arzusu ilə tikilib istifadəyə verilmiş bu məsciddə şiə və ya sünni olmasından asılı olmayaraq, bütün müsəlmanların ilk dəfə bir araya gələrək eyni vaxtda bir sırada vəhdət namazı qılması bütün müsəlman aləminə bir mesaj kimi qəbul edilməlidir.

Ümummilli liderin multikulturalizm ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir. 2016-cı il fevralın 16-da Azərbaycan Prezidentinin iştirakı ilə Gəncədə İmamzadə dini kompleksinin yenidənqurma və əsaslı bərpasından sonra ziyarətçilər üçün açıq elan edilməsi möminlər üçün qiymətli töhfədir. Ölkə Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına tamamilə yenidən qurulan və bərpa edilən İmamzadə dini-ziyarətgah kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev bunun ümumxalq sərvəti olduğunu, bütün müsəlman aləminin qiymətli abidəsinə, milli-mənəvi sərvətinə çevrildiyini, onun yenidən istifadəyə verilməsinin tarixi hadisə olduğunu qeyd etmişdir. O, açılış zamanı bildirmişdir ki, Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və yenidən tikilir. Müstəqillik dövründə iki minə yaxın məscid, digər dinlərin məbədləri, o cümlədən pravoslav, katolik, alban kilsələri, sinaqoqları inşa olunub, Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidi yenidən qurulub. Dövlət başçısı Azərbaycandakı tolerantlığın artıq digər ölkələr üçün nümunəyə çevrildiyini vurğulamışdır.: “Azərbaycanda dövlət – din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur, cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün ciddi rol oynayır. İslama münasibətin Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində maraqla öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkə daxilində, həm regionda, həm də bütün dünyada təsdiq etmişdir. Biz öz milli-mənəvi dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik”.

Azərbaycan Prezidenti haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanda dövlət-din münasibətləri bütün müsəlman aləmində, eyni zamanda, beynəlxalq aləmdə müsbət qarşılanır. Azərbaycan yürütdüyü siyasətdə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürmək yolunda da ciddi səylər göstərir. Ölkə Prezidenti həmçinin bildirmişdir ki, “Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarix boyu Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir problem yaşanmamışdır. Kişik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və əminik ki, bundan sonra da olmayacaqdır. Bu yaxınlarda yeni istifadəyə verilmiş Heydər məscidində bütün azərbaycanlı müsəlmanların birlikdə vəhdət namazı qılması bunun bariz nümunəsidir”.

Ölkəmizdə hökm sürən multikulturalizm respublikamızda irimiqyaslı beynəlxalq tədbirlərin, forumların, müxtəlif müsabiqələrin, konfransların, idman yarışlarının sərbəst və maneəsiz keçirilməsinə də öz müsbət təsirini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda dinlərarası münasibətlər çox sağlam yolla öz həllini tapır və biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Bu il Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər tədbirdir. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürüb.   

Azərbaycan Prezidenti ölkəmizdə mövcud tolerant mühitin, sabitliyin, əmin-amanlığın nəticəsi hesab edir və dünyada hazırda hökm sürən qanlı münaqişələrdən narahatlığını bildirir: “... Mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam etsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. ... Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Bir daha demək istəyirəm ki, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik”.

Dövlət başçısı Azərbaycanın uzun illər boyunca sınanmış yolla gedəcəyini, multikulturalizmlə bağlı əlavə tədbirlər görüləcəyini, bu məqsədlə 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını, ölkəmizdə təkcə idmançılar üçün deyil, bütün islam dünyası üçün töhfə olan I İslam Həmrəylik Oyunlarının təşkil olunacağını qeyd etmişdir. Azərbaycan Prezidenti Yaxın Şərqdə gedən döyüşlərdə qardaş qanının axıdılmasına, şəhər və qəsəbələrin, hətta bütövlükdə ölkənin bərbad hala salınmasına təəssüflənərək ölkəmizdən hamının nümunə götürməli olduğunu demişdir.

Göründüyü kimi, ulu öndərin tarix qarşısında ən böyük xidmətlərindən biri məhz Azərbaycanda tolerantlıq, multikulturalizm ideyalarının daha da inkişaf etdirilməsi və gündəlik həyat normasına çevrilməsidir. Bu gün multikulturalizm adı ilə tanınan mənəvi-dini dəyərlər toplusu, heç şübhəsiz ki, bilavasitə ulu öndərin ideyalarından bəhrələnmişdir. Bu ideyalar hələ uzun illər Azərbaycan xalqının və bütövlükdə bəşəriyyətin sülh, əmin-amanlıq və firavanlıq uğrunda mübarizəsinə hiss olunacaq dərəcədə təkan verəcəkdir.

 


Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidenti

Administarsiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri,

YAP Siyasi Şurasının üzvü

Опубликовано: 22 Апрель, 2016 11:17 | Просмотров: 2575 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo